İlqar İlkinin 50 illik yubileyi qeyd olunub

image

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin  (ATXƏM) və “Soydaş” İctimai Birliyinin təşkilatçılığı ilə şair-publisist, “Birlik” jurnalının baş redaktoru İlqar İlkinin 50 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbirdə media və ictimayyət nümayəndələri, sənət adamları iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov İlqar İlkinin fəaliyyətinə yüksək qiymət verərək, bildirib ki, o media sahəsində fəaliyyətlə yanaşı, uzun illərdir ki, bütün Türk Dünyası, eləcə də Türkdilli ölkələrlə əlaqələrin qurulması və inkişaf etdirilməsi sahəsində də öz töhfəsini verib.

Daha sonra Mətbuat Şurasının sədri yubilyarı “Azərbaycan media sahəsindəki səmərəli fəaliyyətinə, ədəbi mühitin zənginləşməsindəki xidmətlərinə görə” diplomla təltif edib.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni İlqar İlkinin ölkənin ictimai sektorunda fəaliyyəti ilə bağlı geniş məlumat verib. O, qeyd edib ki, Azərbaycanda ictimai institutlar ilk yarandığı günlərdən İlqar İlkin bu sahədə fəaliyyət göstərib və 3-cü sektorun media ilə əlaqələrinin qurulmasında, ölkədə yeni olan QHT anlayışının cəmiyyətə düzgün və dolğun şəkildə çatdırılmasında təmənnasız xidmətləri olub: “ Bu gün də artıq 10 ildir ki, Milli QHT Forumunda Diaspora və Lobbi Mərkəzinin rəhbəri kimi bu istiqamətdə fəaliyyətini  davam etdirir”.

ATXƏM-in sədri, Avropa Azərbaycanlıları Konqresinin vitce-prezidenti İlham İsmayılov İlqar İlkinin Türk dünyası və diaspora sahəsindəki fəaliyyətinə toxunaraq, qeyd edib ki, uzun illər xarici ölkələrdə Azərbaycan həqiqətlərinin tanıdılmasında, diaspor təşkilatları ilə əlaqələrin qurulmasında birgə fəaliyyətimiz onu daha yaxından tanımağıma səbəb olub.

 Daha sonra İ.İsmayılov Avropa Azərbaycanlıları Konqresi adından İlqar İlkinə xatirə medalını təqdim edib.

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri, uzun illər Prezident Adminstrasiyasında diasporla iş üzrə sektorun müdiri Qafar Əliyev də öz çıxışında İlqar İlkinin Türk Dünyası və diaspor təşkilatları ilə əlaqələrin qurulmasındakı fəaliyyətindən, yubilyarın xarici ölkələrdə ölkəmizin tanıdılması istiqamətindəki fədakarlığından danışıb.

Daha sonra çıxış edən professor Niyazi Mursaqulov, “Soydaş” İctimai Birliyinin sədri Kamran Ramazanlı, şair Vəli Qaraçaylı, həkim İlqar Yusifov, Samir Turan, aktyor Mitət Aydın İlqar İlkinin yaradıcılığndan danışıb, onun fəaliyyətini yüksək qiymətləndiriblər.

Tədbir Türk dünyasının sevilən sənətkarı Şəmistan Əlizamanlı, muğam ifaçısı Mütəllim Dəmirov, müğənni Şahin İsmayılov və Aşıq Tərmeyxan Qurbanovun gözəl ifaları ilə davam etdirilib.

Soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti