Gürcüstanın azərbaycanlı icmasına kitablar təqdim edilib

image

Azərbaycanın Gürcüstandakı səfirliyi bu ölkənin azərbaycanlı icmasına ana dilində kitablar təqdim edib.

Soydas.az "Report"un yerli bürosuna istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyinin göndərdiyi Azərbaycan və dünya ədəbiyyatına aid 3 minə yaxın vəsait gənclər təşkilatları və icma mərkəzləri üçün nəzərdə tutulub.

Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mənədiyyəti Muzeyində baş tutan təqdimetmə mərasimində çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bildirib ki, layihə azərbaycanlı icmanın təşəbbüsü əsasında həyata keçirilib.

Onun sözlərinə görə, səfirlik vacib təşəbbüsü rəğbətlə qarşılayaraq nəzərə alıb: “İcmanın kitablarla təmin olunması məsələsini gündəmə gətirən ictimai fəal Samirə Bayramova və digər gənclərə təşəkkür edirəm. Səfirlik bu cür layihələrin reallaşdırılmasına gələcəkdə də dəstək verməyə hazırdır”.

F.Quliyev icma təşkilatları arasında kitabların mübadiləsinin təşkilinin vacibliyini qeyd edib.

Soydaşlarımız icma üçün zəruri vəsaitlərdən ibarət kitab sovqatına görə Azərbaycan səfirliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan səfirliyi Gürcüstandakı azərbaycanlı icmanı artıq növbəti dəfədir kitablarla təmin edir. Belə ki, ötən ilin oktyabrında diplomatik nümayəndəliyimiz Marneuli və Qardabanidə fəaliyyət göstərən icma mərkəzlərinə 1 430 ədəd kitab hədiyyə edib.

Ana dilində kitab çatışmazlığı məsələsi Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun ötən ilin iyulunda Gürcüstana səfəri çərçivəsində azərbaycanlı icmanın nümayəndələri ilə keçirdiyi görüşdə qaldırılıb.

Soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti