Türkiyədə hər il Srebrenitsa soyqırımı qurbanlarının xatirəsi anılacaq
Türkiyədə hər il Srebrenitsa soyqırımı qurbanlarının xatirəsi anılacaq
Türkiyədə hər il iyulun 11-də Srebrenitsada 1995-ci ildə törədilmiş soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş rəsmi tədbirlər keçiriləcək.
Soydas.az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Srebrenitsa Soyqırımı ilə bağlı Düşüncə və Anım Gününün qeyd edilməsi haqqında müvafiq Sərəncam imzalayıb. Sənəd “Resmi Gazete” nəşrində dərc olunub.
Sənəddə 1995-ci ildə Bosniya və Herseqovinada 8 mindən çox insanın həyatına son qoyan faciəli hadisələrə diqqət çəkilir, həmçinin Srebrenitsa hadisələrinin bəşər tarixində qara ləkə olduğu vurğulanır.
Sərəncamda diqqət Beynəlxalq Srebrenitsa Soyqırımı ilə bağlı Düşüncə və Anım Gününü təsis edən BMT Baş Assambleyasının 23 may 2024-cü il tarixli qətnaməsinə cəlb edilib. Qətnamə Srebrenitsa soyqırımının hər hansı formada inkarını “birmənalı şəkildə pisləyir”.
Türkiyə Xarici İşlər Nazirliyinə tapşırılıb ki, digər nazirlik və idarələrlə koordinasiya şəraitində Srebrenitsada soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər təşkil etsin.
Eyni zamanda, bütün səlahiyyətli orqanlara yuxarıda qeyd olunan anım tədbirlərinə təcili və hərtərəfli dəstək vermək tapşırılıb.
Soydasaz.kepenekci.net