Gürcüstan prezidenti Salome Zurabişvilinin öydüyü Əhməd Özqan Melaşvili kimdir?

image

Ən böyük millətçilik daş dövrünə gedib Türk axtarmaqdansa...

Biz dünyaya bəlli bir qaydalara, adət-ənənələrə sahib toplumlarda göz açırıq. Uşaq vaxtından ətrafda olanları eşidirik, görürük, izləyirik və beləcə bizdə mühitin ilk təsirləri baş verir. Böyüdükcə bizə danışılan, göstərilən, aşılanan  kimliklərə sahib oluruq.

 İnsanın tarixən formalaşmasına baxsaq, ibtidai insanın həyatı daha sadə və asan idi, şüur inkişaf etdikcə insan həyatını həm asanlaşdırdı, həm də çətinləşdirdi. Tarixin elə dövrü gəldi ki, insanlar arasında dini, siyasi, sosial, milli, etnik və s. sahələrdə fikir ayrılıqları meydana çıxdı, zamanla qanlı münaqişələr yaşandı. Bu gün ideologiya dediyimiz nəsnələr uğrunda çarpışmalar hələ də davam edir.

Ən başda insanlar demək olar ki, eyni cür yaşayırdı, bu gün davasını apardığımız bir çox şeylər ibtidai insana heç məlum də deyildi. Müasir dünya etnik, milli, dini kimliklərin daha çox qabardılması, qorunması, saxlanılması uğrunda mübarizə meydanını xatırladır.

 Tarixən milli, dini, etnik kimliklər bir milləti digərinə qarşı qoymaq üçün həm də alət rolunu oynayıb, bu hələ də davam edir. Böyük imperiyaların dəyişməyən “Parçala və hökmranlıq et” düsturu daima keçərli olub.

Millətçilikdən söz düşmüşkən, Gürcüstan prezidenti Salome Zurabişvilinin “Gürcüstana doğru” kitabını oxuyarkən Əhməd Özqan Melaşvilinin adına rast gəldim. Ə.Melaşvilinin ailəsi 1877-1878-ci illər Rus-Türk müharibəsində Osmanlıya köç edib. Ə.Melaşvili də 1922-ci ildə türkiyənin Balıkesir şəhərində dünyaya gəlib.

Ə.Melaşvili 1930-40-cı illərdən başlayaraq, gürcü mədəniyyəti və əlifbası ilə maraqlanmağa başlayır. Yaşadığı kənddə gürcü gənclərdən ibarət folklor qrupu yaradır. 1965-ci ildə yazışdığı menşevik gürcülərlə görüşmək üçün Fransaya gedir. Fransada görüşdüyü şəxslərdən biri də hal-hazırda Gürcüstan prezidenti olan Salome Zurabişvilinin atası olur.

Ə.Melaşvili Türkiyədə gürcü mədəniyyətinin təbliği, qorunması üçün əməli fəaliyyətlər göstərib. Bir neçə müəlliflə birlikdə “Gürcüstan” kitabını nəşrə hazırlayıb. “Çveneburi” jurnalının Gürcüstanda naşiri olub.

Ə.Melaşvili 1980-ci il 5 iyul tarixində öldürülüb, atəş zamanı yanında olan oğlu da yaralanıb. Maraqlıdır ki, onun ölümündə Türkiyədə olan radikal millətçiləri günahlandırırlar.

Bütün bunları yazmaqda məqsədim odur ki, özümüzə sual verək ki, mədəniyyətimizin yaşaması, qorunması, təbliği üçün biz nə edirik?!

 Bizi hansı kimlik birləşdirir; Dini, etnik, milli, yoxsa siyasi birlik? Biz hələ də kimliklər arasında var-gəl edirik, hələ də nə istədiyimizi və kim olduğumuzu bilmirik və ya bilmək istmirik. Məncə, ən böyük millətçilik daş dövrünə gedib Türk axtarmaqdansa, sahib olduğumuz, bildiyimiz  dəyərləri qorumaqdır.

Aida İsmayılova

Tarix üzrə fəlsəfə doktoru, arxeoloq

Soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti